•  Az: (+994 50) 359 69 75, Рус: (+994 55) 870 29 59
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
Plagiatla mübarizə: elmi işlərin oğurluq olması necə müəyyən edilir? - ARAŞDIRMA

Mövcud vəziyyət necədir? Mübarizə tədbirləri nə qədər effektlidir?

Elmi araşdırma, məqalə və tədqiqat işlərinin təhsilin inkişafındakı rolu danılmazdır. Azərbaycan təhsilinin də elmi yazılara, tədqiqat işlərinə ciddi ehtiyacı var. Son illərdə bu istiqamətdə müəyyən nailiyyətlər əldə olunsa da, bəzən plagiata da rast gəlmək olur. Belə ki, universitetlərdə, eləcə də digər elmi müəssisələrdə buraxılış işlərinin, dissertasiyaların, elmi araşdırmaların plagiat, sadə dillə desək, oğurlanmış materiallar olması müşahidə edilir.

"Report" mövzunun aktuallığını nəzərə alaraq Azərbaycan elmində plagiatla mübarizə çərçivəsində görülən işləri araşdırıb.

Əldə etdiyimiz məlumatlara görə, universitetlərdə bakalavrlar, magistrlar, eləcə də elmi ad almaq istəyənlərin buraxılış və tədqiqat işlərində plagiatlılıq xüsusi proqramlar vasitəsilə yoxlanılır. Proqramın işləmə mexanizmi bundan əvvəl yazılan və internet resurslarında yerləşdirilən məqalə, elmi işlər və dissertasiyaların analizi əsasındadır. Lakin bəzən elmi işi yazan şəxs məcburi şəkildə bəzi ifadələrə istinad etməli olur. Bu zaman isə proqramda həmin hissə plagiat kimi göstərilir. Nəticədə tədqiqat işi yazan şəxsin mövzusunda müəyyən problemlər ortaya çıxır.

 

Bakı Dövlət Universitetinin (BDU) keçmiş tələbələrindən olan Gülarə Ələsgərova "Report"a dedi ki, “Kalium duzlarının suda məhlullarında hidratasiya proseslərinə bir sıra polimerlərin təsiri” mövzusunda magistr dissertasiyasını yazan zaman istifadə etdiyi düsturlar, sitatlar plagiat kimi göstərilib: “Məndə plagiat çıxan hissə nəzəri idi. Məsələn, “su həyatdır” cümləsini yazdığım zaman plagiat çıxır. Çünki bu cümlə bir çox ədəbiyyatlarda var. Bu, sadaladığım ən kiçik nüansdır. Bundan başqa, yazdığım işdə düsturlardan çox istifadə edirdim. Mənim istifadə etdiyim düstur öz kafedramızın müəllimlərinin cızdığı düsturdur. Mən ona rahatlıqla istinad verə bilirəm ki, filan məqalədən, filan kitabdandır. Amma elə əzbərçi cümlələr olur ki, onları nə qədər öz sözlərimlə yazmağa çalışsam da, yenə də hansısa kitabda, məqalədə yazılanla üst-üstə düşəcək. Bu isə plagiat predmetinə səbəb olur”.

İşlərin yoxlanılması üçün görülən mübarizə tədbirləri ilə bağlı Bakı Dövlət Universitetinə sorğu ünvanladıq. Universitetdən bildirildi ki, plagiatla mübarizə çərçivəsində xüsusi proqramdan istifadə edilir, həmçinin Antiplagiat Komissiyası fəaliyyət göstərir.

“Akademik dürüstlük siyasəti BDU-nun prioritet istiqamətlərindən biridir. 2017-ci ildə BDU ilə “StrikePlagiarism” şirkəti arasında elmi işlərdə plagiatın aşkar edilməsi üçün antiplagiat sistemindən istifadə haqqında müqavilə imzalanıb. Elmi, tədris-metodiki işlərdə plagiatın tapılması, onunla mübarizə və müəllif hüquqlarının qorunması məsələlərinə BDU-nun nəzdində yaradılmış Antiplagiat Komissiyası nəzarət edir. BDU əməkdaşları, doktorantları, dissertantları, magistrantları və tələbələri tərəfindən yazılan bütün elmi işlər Antiplagiat Komissiyası tərəfindən ciddi yoxlanılır. Bununla yanaşı, universitetdə keçirilən beynəlxalq və yerli konfransların materiallarının, nəşr olunan jurnallarda məqalələrin orijinallığı yoxlanılır. Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi adların və elmi dərəcələrin verilməsi haqqında əsasnamədə qoyulan tələblərdən biri də elmi nəşrlərdə plagiatın olmamasıdır. Bu səbəbdən BDU-nun fakültələrinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasına daxil olan fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları da Antiplagiat Komissiyası tərəfindən yoxlanılır", - ali təhsil müəssisəsindən bildirildi.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildirildi ki, ADPU-da 2017-ci ilin əvvəlindən universitet ilə Polşa şirkəti "Plagiat.PL" MMC arasında bağlanmış müqavilə əsasında şirkətin "StrikePlagiarism.com" sistemi üzərindən bütün magistr və doktorluq dissertasiyaları, ADPU-nun professor-müəllim heyətinin, həmçinin digər təhsil və elmi-tədqiqat müəssisələrinin mütəxəssislərinin elmi-tədqiqat işlərinin orijinallığı yoxlanılır: "StrikePlagiarism.com" sistemi yoxlanılan işdə internet resursları, məlumat bazaları və sitatlardan istifadə olunma nisbətini müvafiq bazarlara müraciət əsasında avtomatik qaydada yoxlayır və nəticələr faiz nisbəti şəklində əks olunur. Nəticə müəllifə təqdim olunur. Burada müvafiq olaraq 3 parametr üzrə oxşarlıq əmsalları əks olunur. Yəni internet resurslarından istifadəyə 10%-ə qədər icazə verilir. Elmi məlumat bazasından istifadəyə Ali Attestasiya Komissiyasının tələbinə görə 5%-ə qədər icazə verilir. Sitatlardan istifadəyə gəlincə, burada istifadə imkanı 15%-ə qədərdir. Nəticə faylında hər bir parametr üzrə oxşarlıq müəyyən olunan hissələr müvafiq rənglərdə dəqiqliklə göstərilir. Hər hansı parametr üzrə limit aşıldıqda müəllif müəyyən müddətdə işdə düzəlişlər etməli və yenidən yoxlamaya təqdim etməlidir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU) isə “Plagiat.pl” MMC-nin Azərbaycandakı filialı ilə bağlanan müqavilə əsasında buraxılış işləri, magistr və doktorluq dissertasiyaları, həmçinin tədris vəsaitləri, məqalələrin və monoqrafiyaların oxşarlığının yoxlanılmasını təşkil edir.

Universitetdən "Report"a məlumat verildi ki, diplom və ya dissertasiya işi antiplagiat sistemində yoxlanıldıqdan sonra kafedra nümayəndəsi üç nüsxədə qısa hesabatı və bəyanatı çap edir (fəlsəfə doktorluq dissertasiyası üçün), protokol (magistr işləri üçün) və bir nüsxəsini elmi rəhbərə çatdırmaq məsuliyyətini daşıyır. Hesabatın digər nüsxəsi isə elektron formada Səlahiyyətli Komissiya administratoru tərəfindən təqdim olunur. Sonuncu nüsxə istifadəçidə qalır. Əgər plagiat yoxlaması zamanı diplom işləri, dissertasiyalar, elmi məqalələr və tədris vəsaitlərində (proqram, metodiki göstəriş, dərs vəsaitləri, dərslik və monoqrafiyalar) müəyyən edilən oxşarlıqda limit həddi aşılarsa, Səlahiyyətli Komissiya limiti aşma səbəblərini müəyyən edir, istinad edilən mənbələri dəqiqləşdirir və müvafiq qərar qəbul edir.

"200-dən çox dil üçün təkmil tanıma alqoritminə malik olan "StrikePlagiarism.com" sistemi aparıcı Avropa məlumat bazaları və aqreqatorları ilə müqavilələr imzalayıb. Bununla da sistemin verilənlər bazası namizədlik dissertasiyası, nəşrlər və milyonlarla tələbə işi kimi bir neçə yüz min elmi məqaləni ehtiva edir. Özündə ən müasir texnologiyaları tətbiq edən sistem 2023-cü ildə plagiatla mübarizə məqsədilə süni intellekt məzmununun yoxlanılması texnologiyasını tətbiq etməyə müvəffəq olub. Bundan əlavə, dosent, professor, alim adını almaq üçün yazılan elmi işlər də xüsusi proqramlarla yoxlanılır”, - deyə AZMİU-dan bildirildi.

Mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsindən sorğumuza cavab olaraq qeyd edildi ki, AMEA-nın elmi müəssisələrində fəaliyyət göstərən dissertasiya şuraları tərəfindən dissertasiyalar, elmi araşdırmalar antiplagiat proqramları vasitəsilə yoxlanılır.

Qurumdan, həmçinin məlumat verildi ki, internet rusurslarında yerləşdirilməmiş, nisbətən əvvəlki dövrlərə məxsus kağız mənbələrdən plagiatın olub-olmaması elmi tədqiqatların ekspertizası prosesində iştirak edən mütəxəssislər tərəfindən müəyyənləşdirilir: "Belə ki, hər bir elmi tədqiqat işi elmi müəssisələrdə müxtəlif səviyyəli müzakirələrdən keçir. Bu müzakirələr prosesində həmin sahənin peşəkar mütəxəssisləri iştirak edir. Onlar tədqiqatların həsr olunduğu elmi problemin, mövzunun tədqiqat tarixi ilə yaxından tanış olduqları üçün araşdırmada plagiat olduğu halda onu müəyyənləşdirə bilirlər. Əlbəttə, burada istisnaların olması ehtimalı da var".

Təhsil üzrə ekspert Elçin Əfəndi "Report"a bildirdi ki, hazırda elmi, tədris-metodiki işlər müxtəlif şirkətlər tərəfindən müəyyən məvacib qarşılığında yazılır. Bu isə işlərin şəffaflığına kölgə salır.

Ekspert dedi ki, plagiatla mübarizə çərçivəsində işin ədəbiyyat siyahısı mütləq yoxlanılmalıdır: “İşini müdafiə edən şəxs çalışmalıdır ki, müəyyən informasiyaya sahib olsun. Lakin, təəssüf ki, əksəriyyət məhz plagiata üstünlük verir. Şirkətlərə müraciət edərək işlərini yazdırırlar. Nəticə etibarilə mövzu ilə bağlı plagiatlar üzə çıxır. Ali Attestasiya Komissiyası bununla mübarizə aparır, amma bəzi vəsaitlər elektron formada olmadığı üçün onların üzə çıxarılması çətin olur. Bunun qarşısını almaq mümkün deyil. Mübarizə çərçivəsində həmin şəxsin istifadə etdiyi ədəbiyyat siyahısı dəqiq yoxlanılmalıdır. Bəlkə, bu üsulla plagiatın qarşısını almaq olar. Əgər şəxsin araşdırmalarının dəqiqliyi tam üzə çıxarsa, o zaman qəbul oluna bilər. Digər hallarda palgiatın qarşısını almaq və ya tam üzə çıxarmaq uğurlu alınmır”.

Elm və Təhsil Nazirliyindən sorğumuza cavab olaraq qeyd edildi ki, elmi müəssisələr ödənişli əsaslarla rəsmi müqavilə bağlanmış ən müasir plagiat proqramı ilə təmin edilib. Bütün elmi işlər plagiat proqramından keçirilir.

Mövzunu araşdırarkən Ali Attestasiya Komissiyasının (AAK) plagiatlılıqla mübarizə üsulları ilə də maraqlandıq. Komissiyadan bildirildi ki, AAK Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” ilə plagiatla mübarizə aparır. Əsasnaməyə uyğun olaraq, komissiya dissertasiya şurasında müdafiə olunmuş işdə müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadəni aşkar etdikdə "fəlsəfə doktoru" elmi dərəcəsinin iddiaçılarına Komissiyanın bu barədə qərarından sonra üç il, "elmlər doktoru" elmi dərəcəsinin iddiaçılarına isə beş il müddətində müdafiə etmək hüququ vermir.

“İddiaçı yenidən həmin mövzuda dissertasiya müdafiə edə bilməz. Əsasnamənin 6.21-ci bəndinə müvafiq olaraq, komissiya dissertasiya şurasında müdafiə olunmuş işdə müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunduğunu aşkar etdikdə, dissertasiya şurasının həmin iclasına sədrlik etmiş şəxsə, dissertasiya şurasının elmi katibinə və dissertasiya şurasının nəzdində fəaliyyət göstərən elmi seminarın sədrinə bu barədə rəsmi xəbərdarlıq edir. Komissiya dissertasiya şurasında müdafiə olunmuş işdə müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə edildiyini aşkar etdikdə, elmi rəhbərin, elmi məsləhətçinin və rəsmi opponentlərin (müsbət rəy verdikləri halda) üç il müddətinədək həmin vəzifələri tutmasına məhdudiyyət tətbiq edir. Yuxarıda qeyd olunanlara münasibətdə bildiririk ki, dissertasiya işində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunması biləvasitə elmi etikanın pozulması kimi qiymətləndirilir və müdafiə prossesinin əsas pozuntularındandır”, - deyə qurumdan vurğulandı.

AAK-dan, həmçinin bildirildi ki, sözügedən Əsasnaməyə əsasən, elmi plagiatın aşkar olunması elmi dərəcədən məhrumetmənin əsaslarından biridir: “Buna müvafiq olaraq, komissiya elmi plagiatla xüsusi mübarizə aparır. Komissiya öz fəaliyyətində beynəlxalq lisenziyalı proqram təminatlarından istifadə edir (StrikePlagiarism, Antiplagiat.ru, Turnitin plagiarism checker, və s.). Komissiyanın bu istiqamətdə fəaliyyəti yalnız texniki imkanlarla şərtləndirilmiş hər hansı proqramların istifadəsi ilə məhdudlaşmır. Komissiyada, onun nəzdində fəaliyyət göstərən ekspert şuralarının mütəxəssislərinin rəyləri, müxtəlif açar ifadələrin digər dillərə tərcümə edilərək axtarışa verilməsi və sair kimi alternativ üsullardan da istifadə edilir. Qeyd olunanlarla yanaşı, bildiririk ki, plagiatın müəyyən edilmə əsasından biri də elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının vəsatəti və ya fiziki şəxslərin komissiyaya plagiat faktlarına dair sübutları təqdim etməklə müraciət olunmasıdır”.

AAK plagiat səbəbindən imtina edilən işlərin sayını da açıqladı. Belə ki, müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə edilməsi səbəbindən elmi dərəcələrin verilməsindən imtina edilməsinə dair Ali Attestasiya Komissiyası tərəfindən 2022-ci ildə 26, eyni səbəbdən elmi adlar verilməsindən imtina edilməsinə 9 işlə bağlı qərar qəbul edilib. Xarici ölkələrdə verilmiş elmi dərəcələrin təkrar attestasiya əsasında tanınmasından müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə edilməsi səbəbindən imtina edilməsinə dair Ali Attestasiya Komissiyası tərəfindən 2022-ci ildə 3 işə imtina verilib.

Bununla yanaşı, ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 526 nəfərə fəlsəfə doktoru, 99 nəfərə elmlər doktoru, 190 nəfərə dosent, 58 nəfərə professor elmi dərəcələri verilib.

Rəsmi qurumlar və ekspert rəylərindən də bəlli olur ki, Azərbaycan elmi müəssisələrində tətbiq edilən antiplagiat sistemləri yalnız onlayn nəşrləri tanıyaraq plagiatı üzə çıxarır. Lakin kağız versiyada, yəni internet resurslarında olmayan vəsaitlərdən istifadə edilib-edilmədiyini müəyyənləşdirmək üçün dəqiq bir mexanizm yoxdur. Bu isə plagiatla mübarizəni olduqca çətinləşdirir. Görünən odur ki, bu istiqamətdə görülən tədbirlər daha da təkmilləşdirilməlidir.

Bizə yazın