Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Birol Akgün Yunus Emre Vəqfi və özünə qarşı korrupsiya iddiaları ilə bağlı etirazını bildirib.
Mediaservis.az xəbər verir ki, Birol Akgün məsələ ilə bağlı "X" hesabından açıqlama verib.
Bəzi saytlar və sosial şəbəkə hesablarında yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayan Birol Akgün açıqlamasında bunları qeyd edib:
"11 yanvar 2024-cü il tarixli Prezident qərarı ilə Azərbaycan Respublikasına Türkiyə Respublikasının Səfiri təyin edilməyimlə əlaqədar bəzi mətbuat orqanları və sosial media hesablarında şəxsi hüquqlarıma hücum xarakterli və ictimaiyyəti yanıltmağa yönəlmiş əsassız məlumatlara yer verilib.
2016-cı ildən Türkiyə Maarif Vəqfinin Sədri vəzifəsini icra edirəm. 5653 saylı Qanunun əmredici müddəasına əsasən, Yunus Emre Vəqfində də Maarif Vəqfi adından Qəyyumlar Şurasının üzvü kimi fəaliyyət göstərirəm. Adıçəkilən platformalarda səsləndirilən iddialar Yunus Emre İnstitutunun keçmiş rəhbərləri və əməkdaşlarına yönəlib və bütün bu iddialar hazırda davam edən rəsmi məhkəmə prosesinin predmetini təşkil edir.
Qeyd olunan iddialara səbəb olan məsələlərlə bağlı heç bir səlahiyyətim və ya məsuliyyətim olmadığı kimi, davam edən istintaqın da şəxsimə aid ola biləcək heç bir tərəfi yoxdur.
Şəxsi haqlarıma qarşı həyata keçirilən bu hücumun məsulları ilə məhkəmə qarşısında hesablaşacağımı ictimaiyyətə hörmətlə bildirirəm".

Bizə yazın