Bu taktika ilə Türk ordusu döyüş meydanında daim qalib olub
Zəfərləri ilə ad çıxarmış Türklər buna öz qəhrəmanlıqları və cəsarətləri ilə yanaşı, tətbiq etdikləri döyüş strategiyası ilə də nail olmuşlar. “Qurd Qapanı” və ya “Turan Taktikası” bu taktikaların əsasını təşkil edir. Bu taktikanı tətbiq etməklə Türk ordusu döyüş meydanında düşmənlərini daim məğlub etməyi bacarmışdır.
Qurdlar ac qalanda qış aylarında xüsusi ov taktikasından yararlanırlar. Bunun üçün qurd sürüsü iki qrupa bölünür. Birinci qrup fədai qrupu, ikinci qrup isə pusu qrupu hesab edilir. Fədai qrupundakı qurdlar itlərin olduğu əraziyə girib itlərə hücum edirlər. Fədailər özlərini məğlub kimi göstərib qaçmağa başlayırlar. İtlər isə fədai qurdların arxasınca qaçıb üstünlük əldə etməyə çalışırlar. Qəfildən itlərin qarşısına çıxan gizlənmiş qurdlar onları tələyə salırlar. Qurdlar aypara (hilal) şəklində düzülərək düşməni—itləri əhatəyə alırar. Düşmən ayparanın içinə tam olaraq girdikdən və mühasirəyə düşdükdən sonra ayparanın ucları bir-birinə yaxınlaşaraq qapanır. Tələyə düşən itlərin işi artıq bununla bitir. Qurdlar öz ovu üzərində qələbə qazanıb naharını yeyərlər.
Qədim Türklər qurdların həyat tərzindəki bu manevri çox bəyənmiş, bunu döyüş manevrinə çevirməyi bacarmışlar. Hərbi dildə bu taktika “Qurd Qapanı”, “Aypara Taktikası”, “Turan Taktikası”, “Kıskaç Müharibəsi” kimi adlanmışdır.
Türk hərb tarixinə nəzər salsaq, görərik ki, Malazgird savaşı, Mohaç savaşı, Qurtuluş savaşındakı bəzi məqamlar, Hun, Göytürk, Avar ordularının döyüşləri məhz daha çox “Qurd Qapanı” taktikasına əsaslanır.
Bu taktikanın üstünlüklərində biri odur ki, sayca az Türk ordusu özündən say baxımından dəfələrlə üstün ordular üzərində qələbə qazanmışlar. “Aypara taktikası” Türklərə az sayla düşməni məğlub etməyə imkan verir.

Bizə yazın