•  +994 50 359 69 75
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
Tarixin səssiz qadınları: Klaudet Kolvin - (3-cü hissə)

1955-ci ilin mart ayının 2-də, hələ 15 yaşı olan qaradərili bir məktəbli qız avtobusda yerindən qalxmadı. O, yorğun deyildi, kobud deyildi. O, sadəcə insan idi. Və qaradərililərə də insan kimi davranılmasını istəyirdi. 

Doqquz ay sonra eyni şəhərdə – Montqomery küçələrində başqa bir qadın - Roza Parks yerindən qalxmadığı üçün tarix kitablarına düşəcəkdi. Amma ondan əvvəl bir qız uşağı vardı. Bu cəsarətli addımı Roza Parksdan daha əvvəl atmış, lakin adı tarixə düşməyən bir qız. Klaudet məktəbdən qayıdırdı. O, dərslərdə Konstitusiya haqqında çox oxumuşdu. Hüquqlar haqqında, bərabərlik haqqında. Sonradan çıxışlarında deyirdi ki, vəkil olmaq arzusunda idi həmin illərdə. Tarix dərsliklərindəki o qəhrəmanlar haqqında xeyli mütaliə etmişdi. Kağız üzərində yazılan o sözlər onun daxilində alova çevrilmişdi. Avtobus sürücüsü ondan yerini ağdərili sərnişinə verməsini tələb edəndə, o, sadəcə fiziki olaraq yerindən qalmadı, qorxuya qarşı yerində dayandı. Avtobus sürücüsü dayanma düyməsini basdı. Qanun onun tərəfində idi, ədalət isə yox. Montqomeridə qayda sadə idi: ağdərili sərnişin üçün yer çatmayanda qaradərililər qalxmalı idi. O qalxmadı. Sürücü polis çağırdı və iki polis avtobusa mindi. Onlardan biri “Niyə qalxmırsan?” deyə soruşdu: Klaudet cavab verdi: “Bu, mənim konstitusion haqqımdır.” On beş yaşlı bir qız Konstitusiyanı polisə xatırladırdı. Onu qollarından tutdular, dəftərləri, kitabları yerlərə səpələndi. Avtobusdakı baxışlar susdu. Heç kim yerindən qalxmadı - bu dəfə qorxudan.

Klaudet qorxmalı, ağlamalı idi, bağışlanma istəməli idi. Amma o heç birini etmədi. O sonralar demişdi ki, özümü tək hiss etmirdim. Avtobusda oturduğum anda sanki bir çiynimdə köləlikdən qaçıb yüzlərlə insanı azadlığa aparan Harriet Tubman, digər çiynimdə isə “Mən qadın deyiləmmi?” deyə dünyaya səslənən Sojourner Truth dayanmışdı. Bu, xəyali deyil, yaddaşın gücü idi. Vətəndaş hüquqları üzrə vəkil olmaq arzusunda olan 15 yaşlı məktəbli qız özündən əvvəlki qadınların cəsarətini daşıyırdı. Onu zorla endirərək polis maşınına mindirdilər. Həbs etdilər, çünki o, qanuna qarşı çıxmışdı. Bəs cəmiyyətin hökmündən kim qoruyacaqdı onu?

Həqiqi sarsıntı isə polis bölməsində başladı. Klaudet Kolvin əvvəlcə böyük qadınların saxlanıldığı kameraya salındı, sonra isə onu təkadamlıq kameraya keçirdilər.  Qapı bağlandı, dəmir səslər uzun çəkdi. Amma o yenə də uşaq idi. Anası haradadır? Onu kim qoruyacaqdı? Bu qapı açılacaqmı? O, sonralar həmin anı belə xatırlayırdı: “Divarlar sanki üstümə gəlirdi, çox soyuq idi, nəm betonun qoxusu var idi. Səssizlik isə daha ağır idi. Qorxudan daha çox qəzəb hiss edirdim. Qorxunun içində bir qəribə sakitlik vardı, sanki etdiyim şeyin doğru olduğuna əmin idim”.

Klaudet anası və pastorunun müdaxiləsi ilə gecə yarısı girov qarşılığında azad edildi. Ona qarşı “ictimai asayişi pozma”, “ayrı-seçkilik qanununu pozma” və hətta polisə müqavimət ittihamları irəli sürülmüşdü. Gedişhaqqını ödədiyi halda bir oturmaq bu qədər ağır ola bilərdimi? O gün bir avtobus dayanmışdı. Amma əslində dayanmış olan sistem idi. O, bir gecə saxlanıldı. 2 mart 1955-də günortadan sonra həbs edildi. Amma məsələ burasındadır ki, fiziki olaraq bir gecə həbsdə qalsa da, hüquqi proses aylarla davam etdi. Bir oturmaq 15 yaşlı uşaq üçün bu qədər ağır maddələrlə ölçülə bilinərdimi? Qapı açıldı, o çıxdı. Azadlıq qapısı açılsa da ittihamlar onun arxasınca gəldi. O gün onun adı qəzet manşetlərinə çıxdı, lakin
başlıqlar Klaudettenin əleyhinə idi : “Montoqomeridə polisə müqavimət”, “Zənci qız seqresiya pozuntusunda günahkar bilinib” və s. kimi başlıqlar. Klaudetin yanında duran çox az adam oldu. Aylar sonra eyni hadisəni təkrarlayacaq olan Roza Parks kimi müdafiə olunmadı. Çünki hadisə kiçik miqyaslı idi və qaradərili afroamerikalılar boykot üçün daha yaxşı şəraiti gözləmək qərarına gəlmişdilər. Ən başlıca səbəb isə Klaudet Kolvin “uyğun sima” deyildi. Yaşı az idi, kasıb idi, qəzəbli görünürdü. Hərəkat üçün “mükəmməl qəhrəman” obrazına uyğun gəlmirdi. O gün onun adı qəzet manşetlərinə çıxmadı. Çünki hərəkat “uyğun sima” axtarırdı. Bir neçə ay sonra həyatına əlavə olunan hamiləlik xəbəri isə onu simvol olmaq şansından tamamilə uzaqlaşdırdı və adı hərəkatın “ideal sima” siyahısından silindi. On altı yaşlı bir qız üçün cəmiyyətin hökmü məhkəmədən daha sərt idi. Hərəkat rəhbərlərinin seçimi Roza oldu və Roza Parks simvola çevrildi. Layiq idi. Şübhəsiz layiq idi. Ancaq məhkəmə sənədlərində Klaudetin adı qaldı. O, sonradan ayrıseçkiliyə qarşı açılan məşhur işin əsas şahidlərindən biri oldu – Browder v. Gayle. Bu məhkəmə qərarı nəticəsində ABŞ-da avtobuslarda irqi ayrı-seçkilik qanunsuz elan edildi.

Demək ki, bir qızın oturmağı bir sistemin çökməsinə səbəb ola bilərmiş. O heç vaxt tək deyildi. Amma cəmiyyət onu tək buraxdı, Roza Parksın adı yazıldı tarixə. Ondan əvvəl ayaq səslərini eşitməyənlər, bir uşağın ürək döyüntüsünü də eşitmədi. Tarix çox vaxt yetkinləri alqışlayır, uşaqları isə susdurur. Tarix çox vaxt nizamlı qəhrəmanları seçir, sarsıntılı həqiqətləri yox sayır. Klaudet Kolvin bizə bir dərs buraxdı: Ədalət yaşa baxmır, cəsarət diploma baxmır. İnqilab isə plan üzrə baş vermir. Bəzən dünya dəyişmir, sadəcə bir qız yerindən qalxmır və o gündən sonra heç nə əvvəlki kimi olmur.

Kolvin sonralar deyirdi: “Mən çox qaranlıq və çox qəzəbli görünürdüm. Onlar isə sakit və ləyaqətli bir sima istəyirdilər.” Bu, onun şəxsi incikliyi yox, dövrün strategiyası idi. Klaudet Kolvin sonrakı illərdə verdiyi müsahibələrdə Roza Parks ilə bağlı xatirələrini də danışıb. O, Roza Parksı, avtobus hadisəsindən əvvəl tanıyırdı. Hələ məktəbli ikən “Rəngli İnsanların İnkişafı üzrə Milli Assosiasiya” təşkilatının gənclər qrupunda iştirak edirdi. Həmin qrupun fəaliyyətində isə Roza Parks da iştirak edir və gənclərlə işləyirdi. Klaudet ona hörmət edir və nümunə kimi baxırdı. Hətta Kolvin sonralar belə deyirdi ki, avtobusda ayağa qalxmamaq qərarını verəndə o, məktəbdə öyrəndiyi qaradərili qəhrəmanları və vətəndaş hüquqları ideyalarını xatırlayırdı. Bəlkə də o gün avtobusda ayağa qalxmayan qızın içində Roza Parksın səssiz dərslərindən bir parça  vardı.

Klaudet sonradan xatirələrində belə xatırlayırdı: O, Roza Parksa heyran idi. Onu zərif, sakit və çox ləyaqətli qadın kimi təsvir edirdi. Onu dinləyir, davranışına baxır, hətta oturuşundan belə nümunə götürürdü. Deyirdi ki, Parksın davranışı, danışığı, hətta oturuşu-duruşu belə gənclərə nümunə idi. Sonrakı həyatı, 1958-ci ildə Montqomeridə yaşamaq çətinləşdiyi üçün 19 yaşında Nyu-Yorka köçdü. Uzun illər tibb müəssisəsində tibb bacısı köməkçisi kimi çalışdı, adi, sakit həyat yaşadı, medianın diqqətindən uzaq qaldı. O, yaşadığı şəhəri tərk etdi, uşağını
böyütdü. Həyatını səssizcə yaşadı. Heç bir tribunası olmadı, heç bir heykəli qoyulmadı. Heç bir bayram günü onun adı ilə başlamadı. Tarix uzun müddət onu keçmiş zaman kimi
danışdı. Halbuki o, sağ idi, nəfəs alırdı və gözləyirdi.


Claudette Colvin (1939- 2026)

Yarım günlük həbs və 66 ildən sonra gələn bəraət

1990-cı illərdən sonra jurnalistlər və tarixçilər onu yenidən kəşf etdilər. 2009-cu ildə haqqında “Claudette Colvin: “Twice Toward Justice” (ikiqat ədalətə doğru) adlı kitabı
yazıldı. O, müsahibələrində açıq deyirdi: incik idi, amma Roza Parksı günahlandırmırdı, sadəcə tarixdə yerini istəyirdi. Klaudette Kolvin susmadı, 1956-cı ildə Browder v. Gayle işində əsas iddiaçılardan biri oldu. Bu iş nəticəsində avtobuslarda ayrı-seçkilik ləğv edildi. Amma qərarın kölgəsində qalan adlardan biri oldu. Paradoks budur: Hərəkətın başlanmasına səbəb olan
ilk qadın olaraq simvol seçilmədi. 

Klaudette Kolvin 2021-ci ildə isə (86 yaşında) gənclik məhkumluq qeydinin silinməsi üçün rəsmi müraciət etdi və məhkəmə onun yetkinlik yaşına çatmamışkən aldığı hökmü ləğv etdi. Bir gecəlik həbs və altmış altı ildən sonra silinən bir məhkumluq. Ondan susması açıq şəkildə tələb olunmadı. Sadəcə mikrofon başqa əllərə verildi. Tarix seçimini etdi. Amma qanunu dəyişən məhkəmə işində onun adı vardı. Simvol olmadı, lakin qərarın içində adı qaldı.

Bəzən tarix səni seçməsə də, yenə də tarixi dəyişirsən. Heç bir abidə yox idi, adı heç bir dərslikdə adı yox idi. O isə yaşayırdı. Onilliklər sonra jurnalistlər onun qapısını döydülər. Mikrofon gec gəldi. Tarix yavaş hərəkət edir, xüsusilə qadınlara gəldikdə. 2021- ci ildə məhkumluğunun ləğvi üçün məhkəməyə müraciət etdikdə hakim qərarı imzaladı. On beş yaşlı qızın üzərinə yazılan ittiham rəsmi olaraq silindi.

Tarix ədaləti verir, lakin vaxtında yox. Sonrakı illərdə Kaludet Kolvin sükutu pozdu. Onunla müsahibələr alındı, adı xəbər başlıqlarına çıxdı. Proqramlara, tədbirlərə dəvət olundu. O, artıq səssiz qadın deyildi. O, bir günlük həbsin və illərlə gizlədilmiş haqqının simvoluna çevrilmişdi. Tarix gec də olsa, onu xatırladı. Bəzən sən böyüyürsən, bəzən sistem dəyişir. Bəzən isə sadəcə sən haqlı olduğunu sübut etmək üçün ömrünün yarısını gözləyirsən. O gün avtobusda yerindən qalxmayan qız indi tarixdə, kitab səhivələrində, sənədlər üzərində yerini aldı. Amma sual sənədlərdən də böyükdür. Bir insanın haqqı bərpa olunanda, itirdiyi illər də geri qaytarılırmı? Gözlədiyi ömür kimə hesablanır? Susduğu onilliklər hansı məhkəmədə dinlənilir? Tarix bəzən düzəldir, amma əvvəlcə gecikir.

Ədalət gec gələndə o hələ də ədalətdirmi?

Məhluqə Nuraliyeva

Bizə yazın