•  +994 50 359 69 75
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
Bir sıra ali təhsil müəssisələrində silsilə interaktiv görüşlər təşkil olunub - FOTO

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Gənclərin Tərəqqisinə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Konstitusiya Qərar Verir” (Virtual Simulyasiya Platforması) layihəsi çərçivəsində ölkənin bir sıra ali təhsil müəssisələrində silsilə təqdimatlar və interaktiv görüşlər təşkil olunub.

Xpress.az xəbər verir ki, layihə çərçivəsində ilk tədbirlərdən biri 17 mart 2026-cı il tarixində Gəncə Dövlət Universiteti-də keçirilmişdir. Görüşdə tələbələr, gənc fəallar və müxtəlif ixtisaslar üzrə təhsil alan iştirakçılar böyük maraqla iştirak etmişlər. Tədbirdə layihənin məqsədi, aktuallığı və cəmiyyət üçün əhəmiyyəti barədə ətraflı məlumat verilmiş, gənclərin hüquqi düşüncə tərzinin formalaşdırılmasının və vətəndaş məsuliyyətinin artırılmasının vacibliyi vurğulanıb.

Həmin gün layihə Azərbaycan Dövlət Aqrar Universitetində də təqdim olunmuşdur. İnteraktiv görüş zamanı iştirakçılara Konstitusiyanın əsas prinsipləri oyun əsaslı simulyasiya və real hüquqi situasiyalar vasitəsilə izah edilmiş, tələbələr müxtəlif ssenarilər üzrə qərarlar qəbul edərək biliklərini praktiki şəkildə tətbiq ediblər.

18 mart 2026-cı il tarixində layihənin növbəti təqdimatı Azərbaycan Dövlət İqtisad Universiteti-nin İnnovasiya və Biznes Mərkəzində baş tutmuşdur. Tədbirdə layihənin innovativ yanaşması – mərhələli öyrənmə sistemi, oyunlaşdırılmış modullar və qərarvermə simulyasiyaları iştirakçılara təqdim olunmuşdur. Tələbələr real həyat situasiyalarına uyğun hüquqi tapşırıqları yerinə yetirərək Konstitusiya maddələrini daha dərindən mənimsəyiblər.

31 mart 2026-cı il tarixində isə layihə yenidən Azərbaycan Dövlət İqtisad Universiteti-də geniş formatda davam etdirilmişdir. Bu görüşdə layihənin əvvəlki mərhələlərdə əldə etdiyi nəticələr təqdim edilmiş, platformanın praktiki istifadəsi nümayiş olunub. İştirakçılar simulyasiya üzərindən hüquqi qərarvermə prosesində iştirak edərək Konstitusiyanın gündəlik həyatda tətbiqi ilə bağlı biliklərini möhkəmləndirmiş, tədbir interaktiv diskussiya şəraitində davam edib.

Ümumilikdə, keçirilən görüşlər zamanı Azərbaycan Respublikasının Konstitusiyasının əsas prinsipləri, vətəndaşların hüquq və vəzifələri, dövlət quruculuğunun əsasları ətrafında geniş müzakirələr aparılıb, iştirakçılar öz fikirlərini sərbəst şəkildə ifadə etmiş və real nümunələr üzərindən fikir mübadiləsi ediblər.

Sonda vurğulanıb ki, “Konstitusiya Qərar Verir” layihəsi innovativ yanaşması ilə gənclərin hüquqi savadlılığının artırılmasına, onların aktiv və məsuliyyətli vətəndaş kimi formalaşmasına mühüm töhfə verir. Layihənin gələcəkdə də müxtəlif ali təhsil müəssisələrində davam etdirilməsi və daha geniş auditoriyanı əhatə etməsi nəzərdə tutulur.

Bizə yazın